Xaricdə Təhsil Şirkətləri
Xaricdə təhsil almaq əksər tələbələrin arzularından biridir. Xaricdə təhsil uzun və bəzi hallarda yorucu proses olduğundan tələbələrin əksəriyyəti bu prosesi onların yerinə icra etməsi üçün xaricdə təhsil şirkətlərinə müraciət edir. Xüsusilə təcrübəsi az olan gənclər bu şirkətlərə üz tutur. Onlar bu məqsədə nail olmaq istəyən şəxslər üçün uyğun sənədlərin toplanması, xaricdə təhsil üçün faydalı konsultasiyaların verilməsi, hansı universitet, ixtisas və ölkənin seçilməsi üçün köməklik göstərirlər.
Xaricdə təhsil almaq istəyən hər bir tələbə ilk növbədə müəyyən sənədləri hazır etməlidir. Bəs bu sənədlər hansılardır?
1. Motivasiya məktubu (motivation letter) – özünüz yaza bilər və ya daha təcrübəli birinə yazdıra bilərsiniz. Motivasiya məktubunun tələbənin özü tərəfindən yazılması və ya ən azından müəyyən bir sxem verilməsi daha məqsədəuyğundur. Hər nə qədər işinizi peşəkarlara həvalə etsəniz belə insan özünü daha yaxşı tanıyır.
2. Tövsiyə məktubu (recommendation letter) – iki və ya daha çox tələb olunur. Əksər üniversitetlər, əsasən iki tövsiyə məktubu tələb edir. Bunlar bitirdiyiniz (və ya təhsil aldığınız) universitetdə çalışan və sizə hər hansı dərsi tədris edən müəllim\professor\dekan\rektor və s. tərəfindən və ya işləyirsinizsə, işlədiyiniz müəssisənin rəhbəri tərəfindən verilə bilər. (Bəzi hallarda
3. Diplom və ya arayış – universiteti bitirmisinizsə diplom, yox hələ təhsiliniz davam edirsə, universitetdən diplom haqqında arayış alıb notariusda təsdiq etdirməlisiniz.
4. Diplom əlavəsi (transkript) – notarius tərəfindən təsdiq olunmalıdır.
5. CV – Europass ilə daha rahat hazırlaya bilərsiniz. Bir çox universitetlər CV-lərə çox diqqət ayırır. CV-nizini təqdim etməyinizdən çox şey asılıdır. Rəqabətli ixtisaslarda geniş təcrübəyə malik tələbənin qəbul olma şansı daha yüksəksdir.
6. Sertifikatlar – qəbul olmaq istdiyiniz universitet və ixtisasa uyğun olaraq rəsmi IELTS, TOEFL (bəzi universitetlər artıq Duolingo sertifikatını qəbul edir), GRE, GMAT, SAT ingilis dili və s.
7. Digər sənədlər – pasport, sağlamlıq haqqında arayış, universitet tələblərinə uyğun sənədlər və müsahibə ola bilər.
Xaricdə təhsil şirkətləri sizin üçün yuxarıda gördüyünüz prosesləri və bu prosesdə konsultasiya xidmətləri ilə məşğul olurlar. Bu cür şirkətlərlə işləməyin rahat tərəfi ondadır ki, işinizi peşəkarlara əmanət edir və vaxtınıza qənaət edirsiniz, çünki xaricdə təhsil aylar çəkən bir prosesdir və bu mərhələdə lazım gələrsə, universitetlərlə yazışmalar aparmaq lazım gəlir. Qəbul prosesindən sonra qəbulla bağlı nəticələr elan olunur. Tələbə qəbul olduqdan sonra xaricdə təhsil şirkətləri yerləşdirmə və viza prosedurları ilə də məşğul olur. İstənilən vaxt suallarınız yarandığı təqdirdə əlaqə saxlayıb məsləhət ala bilərsiniz.
Lakin xaricdə təhsil şirkətlərinin mənfi cəhətləri də var. İlk növbədə, həmin şirkətlər sizə bu xidmətləri müəyyən məbləğ qarşılığında görür. Bəzi hallarda həmin ödənişin bir hissəsi əvvəlcədən alınır və geri qaytarılmır. Tələbə heç universitetə qəbul olmasa belə həmin ödəniş geri qaytarılmır. Digər mənfi cəhəti isə motivasiya və tövsiyə məktublarının yazılması ilə bağlıdır. Yuxarıda da qeyd etdiyimiz kimi motivasiya məktubunun tələbənin özü tərəfindən yazılması tövsiyə olunur. Xaricdə təhsil şirkətləri bunu tələbənin əvəzinə yazır, amma əksər hallarda internetdən götürülmüş şablon formaları istifadə edirlər. Təbii ki, belə olduqda tələbənin həmin universitetə qəbul olma şansı azalır. Universitetlər orijinal motivasiya məktubuna önəm verirlər. Bəzi xarici universitetlər “ilk gələn öndədir” prinsipi ilə daha tez müraciət edən tələbələri seçir. Bəzi xaricdə təhsil şirkətləri məsuliyyətsizlik edib tələbənin sənədlərini universitetlərə vaxtında göndərmir və nəticədə tələbə istədiyi universitetə qəbul ala bilmir. Bu hal tez-tez baş verməsə də qeyd etmək lazımdır.
Bütün mənfi və müsbət cəhətləri nəzərə alaraq ümumi qənaətə gəlmək olar ki, tələbənin bu sahədə kifayət qədər təcrübəsi və zamanı yoxdursa, xaricdə təhsil şirkətləri ilə birgə çalışmaq daha məqsədəuyğundur.